Azad qadın heykəlinə | Ramiz Rövşən

Yox,sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın
Zalımların gözü də yaşarmadı
Bu quldurlar içində,də,
Səni soymağı ,kim bacarmadı?
Bir sevginin işığı düşmüşdü üz – gözünə
Soydular ,o işığı da soydular
Qurmadığın ev – eşiyi
Doğmadığın uşağı da soydular… 
Gör səni nə günə qoydular, qadın.
Sonra abrın,həyan soyuldu getdi,
Sonra səbrin, dözümün
Göz yaşları taladı,
Soydu getdi, gözünü
Gözlərin lümlüt qaldı.
Sonra gözlərindən öpdülər yenə
Adına nəğmələr qoşdular qadın
Səndən ötrüymüş sən demə
İnqilablar, savaşlar
Axan qanlar,
Kəsilən başlar, qadın.
İnqilabı neynirdin ki?
Sən özün inqilabsan
Sən başdan ayağacan oxunmamaış kitabsan.
kimsə səni gözlərindən
Oxumağa başladı Kimsə ayaqlarından
Amma heç kəs oxuyub sona çata bilmədi
Ortada ilişib qaldı hamısı.
Nə üstdən aşağı baxırsan bizə
Yoxsa bizi də sən doğmusan qadın
Sənin doğduqların azad deyilsə
Özün necə azad olmusan qadın?
Yox, sənin azadlığın yarımçıqdır deməli
Sən də yarımçıqsan biz də yarımçıq
Yaxşımız da pisimiz də yarımçıq
Sən bizi təzədən doğ, azad qadın heykəli
Amma cırtdan doğma
Sən bizi div doğ
Amma yarımçıq yox, bizi bütöv doğ
Onda sən də tamam azad olarsan
Ey mənim daş anam azad olarsan.
 

0 şərh